İmam tanıma və xilafət məqamına itaət etmək təkcə şiələrə məxsus deyil.
Həzrət Məhəmməd (s) peyğəmbərliyə seçildikdən sonra bu əqidəyə şiddətli şəkildə
təkid edir və bunun lüzumunu müxtəlif kəlamlarla bəyan edirdi. Nümunə olaraq bir
hədisə diqqət yetiririk: “Öz dövrünün imamını tanımadan ölən şəxs, cahiliyyət
dövründə ölən insanlar kimidir.” İmam peyğəmbər kimi Allahla məxluqat arasında
olan bir vasitədir. Bu əqidə açıq-aydın “Kitab” və “Sünnə”də öz əksini
tapmışdır. Bu həqiqət İslamın ayrılmaz bir hissəsidir. Quranın bəzi ayələri və
bir çox rəvayətlər bu həqiqəti dəqiq şəkildə vurğulamışdır. Belə ki, bəzi
rəvayətlərə əsasən onun inkarı (nübüvvətin inkarı kimi) küfr hesab edilmişdir.
Deməli, zamanın imamını tanımayan insan cahiliyyət zamanı yaşayan insanlar kimi
kafirdir. Çünki, o dövrdə yaşayan insanlar da haqq yoldan azaraq müxtəlif dünya
mənşəli fikirlərə yiyələnmişdilər.
Hazırkı dövrün imamı həzrət Məhdidir (ə). Şübhəsiz, Məhdinin (ə) zühuruna inam
İslam əqidələrindəndir. Həzrət Məhdinin (ə) zühuru məsələsi, həzrət Peyğəmbərin
(s) zamanından bu günümüzə qədər bütün on dörd əsr boyu inkar edilməz bir
həqiqət kimi qəbul edilmişdir. Tarix boyu səhabələr, alimlər, mühəddislər,
ədiblər, şairlər və xəlifələr bu məsələni qəbul etmiş və ona etiqad bəsləmişlər.
Dünyaya bir islahatçı ruhani şəxsiyyətin gəlişi, onun bu dünyanın çöhrəsini
dəyişdirəcəyi, zülm və sitəm dolu bir dünyada ədalət və insaf aləmi yaradacağı
məsələsi bütün səmavi kitablar və dini əqidələrdə qeyd edilmişdir. İslam
peyğəmbəri (s) şiə və əhli-sünnə rəvayətlərinin bir çoxunun təsdiq etdiyi kimi
belə buyurmuşdur:
“Dünya zülm və sitəmlə dolu olan bir dövrdə (bəşər cəmiyyəti vəhşi bir icmaya
çevrilən zaman) mənim on birinci övladım zühur edəcəkdir. Onun adı və künyəsi
mənimlə eynidir, yəni “Məhəmməd Əbülqasim”dir. Onun zühur etməsilə bütün
bədbəxtliklərə son qoyulacaq və İslam öz həqiqi mənasında bütün dünyada
yayılacaqdır”. Bu xüsusiyyət məsum imamlara Peyğəmbərdən (s) irs olaraq
çatmışdır. İmam zühur etdiyi bir vaxtda zəif insanlar güclülərə qələbə çalacaq.
Bu isə Allah-taalanın Quranda bizə vəd etdiyi inkar olunmaz bir həqiqətdir:
“Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları
(xeyirxah işlərdə) öndə gedənlər və varislər edək.”(1)
Bəli, şiə və əhli-sünnə tədqiqatçılarının fikrincə bu geyim həzrət Məhdinin
qamətinə ölçülüb-biçilmişdir. Odur bəşərin qurtuluşu və bu məsuliyyət məhz onun
öhdəsinə qoyulmuşdur. Saleh bəndələrin müqəddəs yerə daxil olmaları yalnız O
həzrətin rəhbərliyi sayəsində həyata keçəcək. Qurani-kərim bu barədə buyurur:
“Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət
torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin
daxil olacağını yazmışdıq.”(2)
Bu yazıda Həzrət Əlinin (ə) imam Məhdi (ə) barəsində buyurduğu kəlamlara işarə
edəcəyik. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də imam Məhdi (ə) barəsində qabaqcadan
xəbər verməklə O həzrətin rəhbərliyini birdaha təsdiqləyib:
1)…Allah-taala istədiyi bir vaxt sizi toplayaraq dağınıqlıqdan xilas edəcəyi
kimsəni aşkar edənə qədər ləngiyəcəksiniz. Dünyaya üz tutmayan aranızdakı İmama
tamah salmayın və qeybdə olan İmam-Zamandan ümidinizi üzməyin…(3)
2) “…Ey zəmanə camaatı, hər vəd olunmuş gəlişinin vaxtı, xəbəriniz olmadığı
fitnələrlə görüşə yaxınlaşmaq anıdır. Agah olun, bizdən fitnələri görən kimsə
(Sahib əz-zaman əccələllahu fərəcəh) həmin fəsadların zülmətindən aydın çıraqla
(imamət və vilayət nuru ilə) hərəkət edəcək, yaxşılar kimi rəftar edəcək ki, o
çətinliklərin bir düyününü açsın və bir əsiri (cəhalət və nadanlığın
buxovlarından) azad etsin. (Kafirlərin) Birliyini dağıdıb dağınığı (haqqı) bir
yerə yığacaq. Camaatdan gizlində olar, nişanəsini görməz...”(4)
3) İmam Əli (ə) 138-ci xütbədə baş verəcək ağır hadisələrə (və on ikinci imamın
zühuruna) işarə edərək buyurur:
“Camaatın doğru yolu öz nəfsinə çevirəcəyi (Məhəmmədin şəriətindən əl çəkərək öz
nəfsi istəklərinin arxasınca gedəcəkləri) vaxt (İmami-Müntəzər qeyb pərdəsinin
arxasından çıxaraq) həvayi-nəfsi doğru yola və qurtuluşa yönəldəcək (yolunu
azmışları doğru yola gətirəcək). Camaatın Quranı öz düşüncə və rəyinə çevirdiyi
vaxt rəyi Qurana qaytaracaq…
Həzrətin zühurundan əvvəl çox cinayətlər olacaq. Agah olun, (xəbər verdiyim)
sabah baş verəcək və sabah tanımadığınız (barəsində xəbəriniz olmayan) bir şeylə
gələcək: Padşahlar tayfasından olmayan bir hakim (İmami-Zaman) onların işlərini
idarə edənləri əməllərinin pisliyinə görə sorğu-sual edəcək.
Yer ciyərinin parçalarını onun üçün bayıra çıxaracaq (bütün qızıl, gümüş və s.
mədənlər üzə çıxaraq o Həzrətin ixtiyarında olacaq) və açarlarını o böyük insana
təslim edəcək. (Bütün şəhərlər onun ixtiyarına keçəcək.) Sonra məmləkətin
ədalətlə idarə olunması yolunu sizə göstərəcək və kitabın və sünnənin tərk
edilmişlərini (qanunlarını) dirildəcək (Quranın hökmlərini və Həzrət Peyğəmbərin
(s) sünnəsini icra edəcək).
4) ...(Agah olun) günəş (İmamın xilafəti zahirən) şəfəq saçaraq aşkarlandı və
parıldayan (haqq və ədalət) parladı, üzə çıxan (Həzrətin dövründə baş verən
fitnə və döyüşlərin nişanələri) aşkar oldu, əyri-üyrülük (nadanlıq və azğınlıq)
düzəldi (aradan getdi). Allah-taala bir dəstəni (xəlifə və yoldaşlarını) başqa
bir dəstəyə (İmam və ardıcıllarına), bir günü isə başqa bir günə döndərdi. Biz
qəhətlik çəkənlər və quraqlıq görənlər yağışı gözlədiyi kimi, (İslam dininin
yayılması üçün) vəziyyətin ruzigarın dəyişməsini gözləyirdik. (Haqq İmam ümmətin
işləri üçün qiyam etməlidir və ümmətə də onu sevib tabe olmaq vacibdir. Çünki)
Rəhbərlər (on iki İmam) yaradılmışlara (yol göstərmək) üçün Allaha (əmr və
qadağalarına) tabe olub Onu bəndələrinə tanıtdırırlar. (Onların vasitəsi ilə
Allah-taala tanınır və Ona sitayiş olunur. Buna görə də) Onları tanıyandan başqa
kimsə cənnətə daxil olmaz...(5)
5) (İmami-Zaman) Hikmət (şeylərin həqiqətləri barəsindəki elm, zahidlik və
ibadət) qalxanını geyinib və onu ona üz tutmaq, tanımaq və özünü (dünyaya
bağlılıqdan) azad etmək kimi şərtləri ilə mənimsəyib. Hikmət o Həzrətin
axtardığı itki və istədiyi arzudur. O Həzrət (fitnə-fəsad çoxalaraq) İslam qərib
(zəif) düşəndə və (dəvə əzab-əziyyət görən zaman etdiyi kimi) öz quyruğunu
tərpədərək boğazının qabağını yerə qoyanda gözlərdən uzaqlaşaraq bir guşəyə
çəkilər. O Həzrət Allahın dəlilinin qalanlarının (hidayət və nicat İmamları)
yerdə qalanı və peyğəmbərlərin canişinlərinin canişinidir.
اللّهُمَّ أَظْهِرْ بِهِ الْعَدْلَ وَ أَيِّدْهُ بِالنَّصْرِ وَانْصُرْ ناصِرِيهِ
وَ اخْذُلْ خاذِلِيهِ وَ اقْصِمْ قاصِمِيهِ وَ اقْصِمْ بِهِ جَبابِرَةَ الكُفْرِ وَ
اقْتُلْ بِهِ الكُفّارَ وَالْمُنافِقِينَ وَ جَمِيعَ الْمُلْحِدِينَ امِينَ يا
أَرْحَمَ الرّاحِمينَ
“Allahım! Onun vasitəsilə ədaləti bərqərar et. Onu Öz köməyinlə gücləndir. Ona
kömək edənə kömək et və onu köməksiz qoyanı köməksiz qoy. Onu sındıranları
sındır. Onun vasitəsilə küfr zülmkarlarını məhv et. Onun əli ilə kafirləri,
münafiqləri və bütün dinsizləri öldür. Amin, ey rəhimlilərin ən rəhimlisi!” (6)
6) Həzrət Əli (ə) buyurur: “Bilin! Atam anam o kəslərə fəda olsun ki, (məndən
sonra yolunu azmışlara bələdçi və xalqın imamıdırlar və) onlar, adları göydə
(mələklərin yanında) məşhur, yerdə (insanların çoxunun azğınlığına görə onların
yanında) isə naməlum olan bir dəstədəndirlər. İşlərinizin dağınıqdan, (dini və
dünyəvi) əlaqələrinizin kəsilməsindən, azyaşlı uşaqları iş başına
gətirməyinizdən və (onları böyüklərə və qocalara) rəhbər etməyiniz səbəbindən üz
verəcək hadisələrdən xəbərdar olun və gözləyin. Bu hadisələr o vaxt baş verəcək
ki, (haram halala qalib gəldiyi üçün) möminə qılınc vurmaq halal yol ilə bir
dirhəm qazanmaqdan daha asan olacaq... Məcburiyyət və naçar olmadan and içəcək
və sıxıntıya düşmədən yalan deyəcəksiniz... Bu çətinlik nə qədər də uzun və bu
arzu və ümidvarlıq (həmin çətinliklərdən qurtulmaq arzusu) necə də uzaqdır! Belə
bir zamanda öz imamınızdan uzaqlaşmayın...” (7)
7) ...(Yuxarıda xatırlanan məsələlərdə fikrə dalıb düşündükdən sonra) Öz
yerinizdə oturun, bəla və çətinliyə səbirli olun, əl və qılınclarınızı
dillərinizin istəklərində işə salmayın. Həmçinin Allahın yerinə yetirilməsini
vəzifə kimi təyin etmədiyi şeyə tələsməyin.(8)
8) Allahım, bəli, yer üzü Allahın dinini dəlil və sübut ilə bərqərar edən
şəxsdən boş olmaz. (Həmin şəxs) Ya (on bir imam kimi) aşkar və məşhurdur, ya da
(fitnə-fəsada görə on ikinci imam – “Allah onun zuhurunu tezləşdirsin” – kimi)
qorxu içində və məxfidir ki, Allahın aydın sübut və dəlilləri (peyğəmbərliyin
nişanələri, dinin hökmləri, elm və mərifət) aradan getməsin. Onlar neçə və
haradadırlar? (Yaxud nə vaxta kimi qorxu içində və məxfidirlər?) Allaha and
olsun ki, onlar sayca çox az, Allah yanında məqam və böyüklük baxımından isə çox
əzəmətlidirlər. Allah Öz aşkar dəlil və sübutlarını, onlar (dünyanın din, elm və
hikmətdən boş qalmaması üçün) həmin dəlilləri öz bənzərlərinə tapşırana və
qəlblərində əkənə qədər onların vasitəsilə qoruyur. Elm və bilik həqiqi
bəsirətlə birdən onlara üz tutub və onlar asudəlik və sevinclə yəqinlik və inam
əldə ediblər. Naz-nemət içində böyüyən insanlara çətin və ağır olan şeyləri
yüngül və asan qəbul edərlər; (Onlar Allahın razılığını əldə etmək üçün dünyanın
bütün çətinlikləri ilə keçinir və pəhrizkarlıq edərək dünyaya ürək bağlamırlar;)
nadanların (kimsəsizlik, çətinlik, yoxsulluq və giriftarlıq kimi) qaçdıqları
şeylərə adət ediblər və dünyada ruhları çox yüksək yerdən (Allahın rəhmətindən)
asılmış bədənlərlə yaşayır. Allahın yer üzündəki xəlifə və canişinləri
onlardırlar ki, (xalqı) Onun dininə dəvət edirlər. Ah, ah, onlarla görüşməyin
çox həsrət və arzusundayam…(9)
9) İmam Əli (ə) (Məhəmməd Əhli-Beyti haqq dövlətinin zühuru barəsində)
buyurmuşdur:
“Dünya pis xasiyyətli və dişləyən dəvənin öz balasına tərəf qayıtması kimi bizə
(Məhəmməd Əhli-Beytinə) qayıdaraq mehribanlıq edəcək.”(10) (O Həzrət) bunun
arxasınca bu ayəni (“Qəsəs” surəsinin 5-ci ayəsi) oxudu:
وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ
وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ
“Yer üzündə zəif hesab olunanlara minnət qoyub (onlara qüdrət və əzəmət verib)
onları imam və varislər (din və dünya başçıları) etmək istəyirik.”
Əmirəl-möminin (ə) öz övladı həzrət Məhdi (ə) barəsində çoxlu sayda dəyərli
sözlər buyurmuşdur. Qeyd etdiyimiz kəlamlar isə o sözlərin bir hissəsidir. Allah
Onun zühurunu tezləşdirsin, Amin!
Istifadə olunan ədəbiyyat:
1- “Qəsəs” surəsi, 5-ci ayə
2- “Ənbiya” surəsi, 105-ci ayə
3- “Nəhcül-bəlağə”, 100-cü xütbə
4- “Nəhcül-bəlağə”, 150-ci xütbə
5- “Nəhcül-bəlağə”, 152-ci xütbə
6- “Nəhcül-bəlağə”, 182-ci xütbə
7- “Nəhcül-bəlağə”, 187-ci xütbə
8- “Nəhcül-bəlağə”, 190-cı xütbə
9- “Nəhcül-bəlağə”, 147-ci hikmət
10- “Nəhcül-bəlağə”, 209-cu hikmət
“Məhdiye muntəzər (ə) dər Nəhcül-bəlağe” Məhde Fəqih İmani