Imam Əli Əleyhis- Salamin Onun Tərəfindən Qazi Təyin Edilən Şüreyh Ibn Harisə Yazdiği Məktublardandir
İmam Əli əleyhis- salamın onun tərəfindən qazı təyin edilən Şüreyh ibn Harisə yazdığı məktublardandır (ki, onda dünyaya və dünya malına bel bağlamağın ziyanlarından danışıb). Rəvayət edilib ki, Əmirəl-möminin tərəfindən də qazı olan Şüreyh ibn Haris, o Həzrətin xilafəti zamanında səksən dinara bir ev alıbmış. Bu xəbər İmama çatanda, onu çağırtdıraraq deyib ki, mənə sənin səksən dinara ev almağın və sənəd yazaraq bir neçə nəfəri şahid tutmağın barəsində xəbər çatıb. Şüreyh cavab verir ki, ey Əmirəl-möminin, elə olub. Ravi deyir: Həzrət qəzəbli şəxsin baxışları ilə ona baxaraq belə buyurdu :
Ey Şüreyh, bil ki, tezliklə sənin yanına (yazdığın) sənədə baxmayan və şahidlərdən (bir şey) soruşmayan bir kimsə (Əzrail) gələcək, səni həmin evdən gözün baxa-baxa (heyran və sərgərdan, yaxud köçəri kimi) çıxaracaq və hər şeydən ayrı, göruna tapşıracaq. Odur ki, ey Şüreyh, bax! Məbada bu evi başqasının pulu ilə almış olasan, yaxud onun pulunu halal olmayan şeylə vermiş olasan ki, əgər belə olsa dünya və axirət zərər-ziyanını qazanmış olarsan!! (Çünki əgər evi başqasının malı və ya haram malla almış olsan, dünyadan lazımınca bəhrələnməyəcək, axirətdə isə əzaba düçar olacaqsan.) Bil (ki), əgər ev alanda mənim yanıma gəlsəydin, sənin üçün bu (aşağıdakı) kimi bir sənəd yazardım. Onda həmin evin çox (yəni, səksən dinar) deyil heç bir dirhəmə də alınmasına rəğbət göstərməzdin. Həmin sənəd budur:
Bu, xar və həqir bəndənin, (mütləq öləcək və evindən axirət evinə) köçmək üçün çıxmış ölüdən, yox olanların yeri və məhv edilmişlərin nişanəsi olan yalan diyarda aldığı bir evdir. Bu evin dörd hasarı var: Birinci hasar xoşagəlməz və acınacaqlı hadisələrə (dağıntı, xəstəlik, çətinlik və oğurluğa) gedib çıxır. İkinci hasar qəmlər amilinə (əzizlərin ölümü, arzu və sərmayənin əldən getməsinə), üçüncü hasar məhv edici istək və arzulara və dördüncü hasar azdırıcı şeytana gedib çıxır.Bu evin qapısı isə dördüncü hasardandır.
İstək və arzulara uymuş bu şəxs, belə bir evi ölüm üçün çıxmış şəxsdən qənaət kəramətindən xaric olmaq və istək və xarlıq həqirliyinə daxil olmaq bahasına alıb. Bu alıcıya aldığı şeydə satıcı tərəfindən dəyən (və onun zamin olmasına səbəb olan, yəni, satıcının, əvəzini ödəməli olduğu) ziyan və pisliyin intiqamı padşahların canlarını məhv edən, itaətdən çıxanların canlarını alan və (İran şahları) Kəsra, (Rum şahları) Sezar, (Yəmən şahları) Tübbə, (qəbilə sahibi olan Himyər ibn Səba ibn Yəşğəb ibn Yə’rəb ibn Qəhtanın övladları) Himyər kimi fironların səltənətlərini aradan aparan və mal üstünə mal toplayaraq onu çoxaldan, (binalar) tikib ucaldıb onları bəzəyərək zinətləndirənləri, sərvət toplayan və ev, bağ və əşyalarını öz gümanları ilə övladları üçün nəzərdə tutaraq toplayanları aradan aparanın (yox edən ölüm mələyinin) öhdəsinədir. (Allah tərəfindən haqq və batil,) cənnətlik və cəhənnəmliklər barəsində qəti hökm veriləndə, O, onları sorğu-sual ediləcək və mükafat veriləcək yerə göndərəcək. Orada, pozğun və puç işlər görənlər ziyana uğrayarlar. (Pis işlərə əmr edən nəfsin) istəklərinə tabeçilikdən azad olan və dünyaya bağlılıqdan sağlam qalan ağıl bu sənədə (onun düzlüyünə) şahiddir. (Dünyaya ürək bağlamış və nəfsi istəklər əlində əsir olan kimsə isə bu sözlərə inanmaz və ona görə də onun düzlüyünə şəhadət verməz.)
İmam Əli əleyhis-salamın öz qoşun başçılarından bəzilərinə (İmam əleyhis-salam tərəfindən Bəsrənin hakimi olmuş və sərgüzəştlərinin bir hissəsi 171-ci xütbənin şərhində deyilmiş Osman ibn Hüneyfə) məktublarındandır. (İmam ona düşmənin itaət etməyəcəyi təqdirdə onlarla vuruşmağı əmr edir.)
(Cəməl əhli «Təlhə, Zübeyr, Aişə və onların tərəfdarları» Bəsrəyə çataraq müharibəyə hazırlaşdıqdan sonra Osman ibn Hüneyf İmam əleyhis-salamı onların məqsədlərindən xəbərdar etmək üçün ona məktub yazdı. O Həzrətin Osman ibn Hüneyfə cavab olaraq yazdığı məktubun bir hissəsi belədir:) Əgər itaət kölgəsinə qayıtsalar (fitnə-fəsaddan əl çəkərək asayiş bərqərar edilməsini istəsələr) bu, elə bizim sevdiyimiz (istədiyimiz) şeydir. Amma əgər işlər onları düşmənçilik və üsyankarlığa sövq etsə (müharibəyə hazırlaşsalar), sənin əmrinə tabe olanlarla, əmrinə tabe olmayanlara qarşı qalx və döyüş. Sənin dalınca gedən kimsə ilə sənə yardım etməkdən çəkinən kimsəyə möhtac olma (kömək etməyənlərə möhtac olduğunu sanma). Çünki bir işə meyli olmayan kimsənin (orada) olmaması olmasından daha yaxşıdır, oturması durmasından daha xeyirlidir. (Ona görə ki, meyli olmadan məcburiyyətlə bir işə başlayan şəxs öz sirrini aça bilər və nəticədə başqaları da onun dalınca gedərək işdən qalarlar.)
İmam Əli əleyhis-salamın Əş'əs ibn Qeysə (-onun barəsində 19-cu xütbənin şərhində bir az danışılıb) məktublarındandır. O, (Osman tərəfindən) Azərbaycanın hakimi idi.
Sənin işin (və hakimliyin) sənin üçün ruzi və yemək deyil. (Səni ona görə hakim etməyiblər ki, bir şey tapan kimi ondan özbaşına yeyəsən.) O iş sənin boynunda olan bir əmanətdir (ki, qoruyaraq onun yolunda, dinin hökmlərinə zidd bir addım atmamalısan). Səndən özündən üstün olan kimsə üçün gözətçi olmağını istəyiblər. (Sən elə bir əmirin əli altındasan ki, səni gözətçi təyin edib və sənə vilayəti onun tərəfindən qorumağı tapşırıb. Buna görə də) rəiyyətin işində öz istədiyin kimi davrana bilməzsən. (Sənə əmr edilməmiş bir iş görə bilməzsən.) Sənə əmr və fərman gəlməyincə böyük işə girişə bilməzsən. Sənin əllərində bənzərsiz və böyük Allahın mallarından var. Sən onları mənə təhvil verənə kimi mənim xəzinədarlarımdan birisən. Ümidvaram ki, mən sənin üçün vali və əmirlərin ən pisi olmayım. (Bu hökmün sənin dünya və axirətinə də xeyri var.) Salama layiq kimsəyə salam olsun!
İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onu Şama Cərir ibn Abdullah Bəcəlli vasitəsi ilə göndərib və onda öz xilafətinin haqq və düzgün olmasını sübut edərək Osmanı öldürməkdən uzaq olduğunu açıqlayıb).
Əbu Bəkr, Ömər və Osmanla bey’ət edənlər (onları xilafətə təyin edənlər) həmin yolla mənimlə bey’ət edərək əhd-peyman bağladılar (işlərin idarəçiliyini mənə tapşırdılar). Odur ki, (xilafətin Allah və Peyğəmbər tərəfindən təyin edilmə ilə deyil, ümmətin ümumi rəyi ilə bərqərar olmasına və xalqın ümumi rəyə gələrək Əbu Bəkr, Ömər və Osmanı xəlifə təyin etmələrinə əqidə bəsləyən sizlər bilməlisiniz ki, məni də xilafətə həmin şəxslər, yəni, xalq kütləsi təyin edib. Buna görə də) orada (beyətdə) olanların (Təlhə və Zübeyr kimilərin) ondan başqasını seçmək haqqları yoxdur. Orda olmayanın da (sənin kimilərin də) onu qəbul etməmək haqqı yoxdur. (Sizin əqidənizə görə xilafət məsələsində) məşvərət aparmaq Mühacirlərin (Məkkədən Mədinəyə gələrək Həzrət Peyğəmbərə-səlləllahu əleyhi və alih- qoşulanların) və Ənsarın (Mədinədə Həzrət Peyğəmbərə iman gətirərək yardım edənlərin) haqqıdır. Onlar toplaşaraq bir nəfəri xəlifə və imam adlandırsalar, Allahın razılığı da həmin işdə olar. Əgər kimsə (xəlifədə) eyb və nöqsan tapması səbəbindən (bəhanəsi ilə, məsələn, Müaviyənin Osmanın öldürülməsini ona nisbət verməsi kimi) və ya (dində rəva olmayan şeyi ona daxil etmək Təlhə, Zübeyr və onların tərəfdarlarının əhd-peymanlarını pozmaları kimi) bid’ət nəticəsində onların əmrlərindən (onların gördükləri işlərdən) boyun qaçırsa, onu itaət etməyə vadar edərlər. Əgər (öyüd-nəsihət fayda verməsə və) onların göstərişlərini qəbul etməsə, (sizin əqidənizə görə) onunla möminlərin yolundan başqa bir yol ilə getdiyi üçün vuruşarlar. Allah (da) onu üz tutduğu şeyin öhdəsinə buraxar.
Ey Müaviyə, canıma and olsun, əgər ağlına müraciət etsən (fikrə dalıb düşünsən) və nəfsi istəklərinə göz yumsan, (yersiz danışmaz, Osmanın öldürülməsini mənimlə peyman bağlamamağına bəhanə gətirməzsən) görərsən ki, mən Osmanın qanında (öldürülməsində) ən təmiz adam olmuşam; bilərsən ki, mən ondan uzaqlaşaraq bir guşəyə çəkilmişdim. Amma sən (nəfsi isətəklərə uyaraq) böhtan atıb onun öldürülməsini mənə nisbət verirsən və sənə məlum olan şeyi gizlədirsən. Salama layiq kimsəyə salam olsun!
Bu da imam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındadır (ki, onda onu, o Həzrətə yazdığı məktuba görə məzəmmət edib və onun nadanlıq və azğınlığını xatırladıb).
Allaha həmdü-səna və Həzrət Peyğəmbərə salamdan sonra: Səndən mənə müxtəlif sözləri bir-birinə yapışdırıb məktub bəzədiyin öyüd-nəsihət gəlib çatdı. (Bəzi mətləblər əldə edərək bu məktubda onları bir-birinə yapışdırmısan, halbuki onların bir-biri ilə heç bir əlaqəsi yoxdur. Onların hər birinin harada və necə işlədilməsinin gərəkliyini bilmədiyin üçün) öz azğınlığın səbəbindən bu məktubu hazırlamısan və fikir və düşüncənin pisliyindən onu (mənə) göndərmisən! Məktub düz yola istiqamətləndirəcək gözü (bəsirət və gözüaçıqlığı) və nicat yoluna sövq edəcək başçısı və cilovdarı olmayan kimsədəndir. Nəfsi istək onu (belə bir işə) vadar edib, o da qəbul edib, azğınlıq onun rəhbəri olub, o da onun dalınca gedib. (Buna görə də) o, sayıqlayaraq boşboğazlıq edib və bihudə fəryad qoparıb (mənası başa düşülməyən nadürüst sözlər deyib); yolunu azaraq səhv edib (belə nalayiq sözlər yazıb).
(O Həzrətə bey’ət edənlərlə bey’ət etməyənlərin boyunlarına düşən vəzifələrin bərabərliyi barəsində:)
(Ey Müaviyə, mənimlə bey’ət etmək və peyman bağlamaq məsələsində Bəsrə əhalisi, Təlhə, Zübeyr, sən və Şam əhlinin vəzifəsi yeksan və bərabərdir.) Çünki o bir bey’ətdir ki, (Məhəmməd - səlləllahu əleyhi və alih – ümmətinin dayaq nöqtəsi saydığınız Mühacirlər və Ənsar toplaşaraq həmin məsələdə birləşiblər və onların, barəsində qərara gəldikləri heç bir bey’ətdə) rəy və fikir iki olmur və onda (başqa bir rəy) seçmək başdan başlanmır, (necə ki, Əbu Bəkr, Ömər və Osman və onlarla bey’ət barəsində belə əqidədəsiniz. Odur ki, həmin bey’ət məclisində olan kəs peymanı pozaraq başqasını seçə bilməz və orada olmayanın onu qəbul etməmək haqqı yoxdur. Buna görə də) hər kim peymanı pozaraq ondan əl götürsə, (müsəlmanların din və ayinlərinə) tənə vurandır. (Elə isə onunla çıxdığı yola qayıdana kimi vuruşmaq lazımdır.) Onun (qəbul edilib-edilməməsi) barəsində fikrə dalan da münafiq və ikiüzlüdür. (Çünki sizin əqidə və əməl təcrübənizə görə həmin şəxsin rədd və ya qəbul etmək barəsində fikirləşməsi, möminlərin getdikləri yol və ona tabe olmağın vacibliyində şəkk-şübhədə olması və onun meylinin səmimiyyət və saflıqla olmaması deməkdir. Ona görə ki, əgər onun doğrudan da meyli olmuş olsaydı, fikirləşib duruxmadan möminlərin toplaşaraq barəsində birləşdikləri şeyi qəbul edərdi.)
İmam Əli əleyhis-salamın Cərir ibn Abdullah Bəcəlliyə, onu (bey’ət almaq üçün) Müaviyənin yanına (Şama) göndərərkən yazdığı məktublardandır. Allaha həmd və Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) salamdan sonra: mənim məktubum sənə çatan kimi Müaviyəni işini sona çatdıraraq bir tərəf barəsində qəti qərara gəlib hazırlaşmağa vadar et. (Sərgərdanlığı özündən uzaqlaşdırsın və səni yubatmasın, bey’ət etməkdə bəhanə axtararaq bu gün–sabah etməsin.) Sonra ona camaatı məcburiyyət və nigaranlıqla öz vətən və asayiş yurdundan didərgin salan dağıdıcı müharibə ilə xaredici sülh və barışıq arasında sərbəst seçim etmək imkanı ver. (Çünki barışıq acizliyin nişanəsidir. İmam əleyhis-salam burada hər iki halda, istər müharibə etsə, istərsə də barışıq etsə qələbənin onunla olacağını başa salmaq istəyir və bu sözlərlə onu hədələyir.) Beləliklə, əgər müharibəni seçsə, amannaməni ona tərəf at və qayıt. Amma sülh və barışığı qəbul etsə, ondan bey’ət al. (Vəzifəni tezliklə yerinə yetirərək geri dön və bizi gözü yolda qoyma). Salama layiq kimsəyə salam olsun!
İmam Əli əleyhis-salamın Müaviyəyə məktublarındandır. (Müaviyə o Həzrətə məktub göndərərək ondan Osmanın qatillərini ona təhvil verməyi istəmişdi. İmam əleyhis-salam bu məktubu ona cavab olaraq yazıb və orada öz fəzilət və kəramətlərini, həmçinin İslam və imanda öncül olmasını xatırladaraq buyurur:)
Beləliklə, qəbiləmiz (Qüreyş) Peyğəmbərimizi öldürmək və bizim kökümüzü kəsmək (məhv etmək) istədi. Bizim üçün qəm-qüssə yaratdılar, barəmizdə nalayiq işlərə əl atdılar və bizi (həyatın) asayiş və şirinliyindən məhrum etdilər. Qorxu və vahiməni ancaq bizə aid etdilər və bizi məcburi olaraq sərt dağa (otsuz, susuz Şe’b Əbu Talibə) getməyə vadar etdilər (və orada bizi mühasirəyə aldılar; bütün bunlar Həzrət Peyğəmbərin ilahi elçi kimi göndərilməsinin yeddinci ilinin əvvəlində baş verdi) və bizə qarşı müharibə alovu qızışdırdılar. Biz Allahın istəyi ilə düşmənin şərini Onun Peyğəmbərindən uzaqlaşdırdıq. (O Həzrətə bir xəsarət dəyməyə qoymadıq.) Bizim (Peyğəmbərə iman gətirmiş Əbu Talib və Həmzə kimi) möminlərimiz Peyğəmbəri himayə etməyin mükafatını (Allahın razılığını) diləyir, (Abbas və Mət’əm ibn Ədiyy kimi İslamı qəbul etməmiş) kafirlərimiz (isə o Həzrətlə) qohumluqlarına görə (onu) himayə edir və yardım göstərirdilər. (Biz Bəni-Haşimdən başqa) Qureyşdən müsəlman olan digər kimsələrin bizim qədər (kafir və müşriklərdən) qorxu və vahimələri yox idi. Səbəb onların (müşriklərlə) and və peymanlarının olması, ya da (onlarla) qohum olmaları idi. (Bu səbəblər) onu qorxu və vahimədən saxlayırdı və o, öldürülməkdən (ölüm təhlükəsindən) amanda olurdu.
(Allah müşriklərlə müharibə və onların şərlərinin uzaqlaşdırılmasını əmr edəndə və) savaş, camaatın (qorxu və vahimədən) geri çəkilmələri həddinə qədər çətinləşəndə, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) öz əhli-beytini qabağa verir və onların vasitəsi ilə səhabələri və qoşununu nizə və şəmşirlərin (yaradacağı yaraların) istiliyindən qoruyurdu. (O Həzrətin əmisi oğlu) Ubeydə ibn Haris (ibn Əbdülmüttəlib) Bədr müharibəsində (Bədr Məkkə yolunda, Mədinə yaxınlığında qazılmış quyunun adıdır), (o Həzrətin əmisi) Həmzə Ühüd müharibəsində (Ühüd Mədinə yaxınlığındakı bir dağın adıdır) və (qardaşım) Cə’fər Mu’tə müharibəsində (Mu’tə Şam ətrafında yer adıdır) öldürüldü. İstəmədiyim üçün adını çəkmədiyim kimsə də (İmam əleyhis-salam), onlar kimi öldürülməyi və (Allah yolunda) şəhid edilməyi istəyirdi. (Mənim də şəhid olmaq və öldürülmək arzum var idi.) Lakin onların ömürləri daha tez sona çatdı və adını çəkmədiyim şəxsin ölümü təxirə düşdü. (Peyğəmbər mənə xəbər verdi ki, sən də öldürüləcəksən. İmam yüz əlli beşinci kəlamda bu mətləbə işarə edib.) İndi (Həzrət Peyğəmbəri qorumaq və İslam dinini yaymaq üçün çəkdiyim bu qədər əziyyət və çətinliklərdən sonra) ruzgara təəccüb edirəm ki, elə bir zamana gəlib çıxmışam ki, dinin yardımı üçün mənim kimi çalışmamış və İslamda mənim (Allaha və Peyğəmbərə iman gətirməkdə) malik olduğum birincilik və öncüllük iftixarıma malik olmayan birisi mənimlə bərabər hesab edilir. Heç kəs belə bir iftixar əldə edə bilməz. Ancaq iddia edən (Müaviyə) iddia edərək (özü barəsində) mənim bilmədiyim və Allahın da tanımasını güman etmədiyim belə bir şey deyər. (Çünki Allaha və Peyğəmbərə ilk iman iftixarı məndən başqasına nəsib olmayıb ki, Allah da onu tanısın.) Hər halda həmd-səna Allaha məxsusdur (ki, məsləhət bilib sənin kimisini mənim qarşımda qoyub, sən də haqq və həqiqətə zidd nalayiq şeylər iddia edirsən).
Amma Osmanın qatillərini sənə göndərməklə bağlı istəyin barəsində: mən bu barədə fikirləşdim və gördüm ki, onları sənə və səndən başqasına göndərmək mənim öhdəmdən xaricdir. (İmam sonra Müaviyəni hədələyərək buyurur:) Canıma and olsun, əgər azğınlıq və düşmənçilikdən əl çəkməsən, tezliklə səni axtaranları tanıyacaqsan ki, onlar bu axtarışlarında səni səhrada, dənizdə, dağda və düzənlikdə zəhmətə salmayacaqlar (birbaşa sənin sorağına gələcəklər). Amma bu axtarış səni incidərək qəmləndirəcək və bu ziyarətçilərlə görüşmək və onları görmək səni sevindirməyəcək (sənin sorağına elə gələcəklər ki, deyəcəksən: Ey kaş, mən onları tələb etməyəydim). Salama layiq kimsəyə salam olsun!
Bu da, imam Əli əleyhis-salamın Müaviyəyə məktublarındandır (ki, İmam əleyhis-salam onda Müaviyənin çirkin əməllərini məzəmmət edir, ona öyüd-nəsihət verir və onu işlərinin pis nəticəsi ilə qorxudur).
Özünü (dünyapərəstlər üçün) bəzəyərək gözəl göstərən və ləzzətləri ilə aldadan yaşadığın dünyanın pərdələri səndən (gözün önündən) götürülən zaman nə edəcəksən? (Dünya) səni (öz dostluğuna) dəvət edib, (sən də) qəbul etmisən; qabağına düşüb dalınca getmisən; sənə əmr edib itaət etmisən. (Ölüm, əzab və günahların cəzası ilə nə edəcəksən?) Qarşını alacaq birisinin səni saxlaması (onun gələcəyi zaman) yaxındır. (Ölüm gəlib çatıb səni) o şeydən (əzab və cəzadan) xəbərdar edəcək ki, heç bir nicat verən səni xilas edə bilməyəcək. Buna görə də (bu çətin keçidləri nəzərə alaraq nəfsi istəklərə tabe olmayıb) bu işdən (layiq olmadığın xilafət iddiasından) əl çək və özünü hesab və sorğu gününə hazırla. Sənə çatacaq şey (ölüm və ondan sonrakı çətinliklər) üçün qolunu çırma (çevik ol, çalış). Qulağına (Əmr ibn As və Mərvan kimi) azğınları dinləmək imkanı vermə (onların sözlərinə qulaq asma və göstərişlərinə tabe olma). Əgər belə etməsən (bu öyüd-nəsihəti qəbul etməsən), səni özün barəndə qafil olduğun şeydən xəbərdar edirəm: sən naz-nemət içərisində qərq olmusan, (nemət səni üsyankar edib və buna görə də) şeytan səndə (sənin qəlbində) yer tutub və öz arzusuna çatıb, sənin (vücudunda) can və qan kimi hərəkət edib. (Sənə elə hakim olub ki, etdiyin hər bir iş, dediyin hər bir söz onun göstərişi ilədir. İmam əleyhis-salam bundan sonra onu məzəmmət edərək buyurur: )
Ey Müaviyə, siz (Üməyyə övladları) heç bir xeyir və yaxşılıq iftixarına, möhtərəmlik və şərəfə malik olmadan nə vaxtdan rəiyyətə hakimlik və müsəlmanlara başçılıq ləyaqətinə sahib olmusunuz?! (Bundan qabaq heç bir işdə fəzilət və üstünlüyün olmayıb ki, sənin xilafət və əmirlik iddiası etməyinə səbəb olsun.) (İnsanı şeytanın və nəfsi istəklərin davamçısı edən) bədbəxtlik tarixçələrinin bərpa olmasından Allaha pənah aparıram! Səni həmişə arzulara aldanmaqdan və zahirinlə batininin iki cür olmasından çəkindirirəm. (Dünyapərəstlik, münafiqlik və ikiüzlülükdən qorx. Sonra onu müharibə ilə hədələyərək buyurur:)
Məni döyüşə çağırmısan. Elə isə camaatı bir tərəfə qoyaraq özün mənim yanıma gəl. Hər iki qoşunu döyüşdən saxla ki, günahın, bizlərdən hansının qəlbinə qələbə çalması, pərdənin (qəflət pərdəsinin) kimin gözü önündən asılması məlum olsun.(Camaatı öz hallarına qoy ki, kimin Allah yolunda qılınc çalması, haqq yolda dayanması və qaçmaması bilinsin.) Mən Əbul-Həsənəm, sənin babanı (ciyər yeyən anan Hindin atası Ütbə ibn Rəbiəni), dayını (Vəlid ibn Ütbəni) və qardaşını (Hənzələ ibn Əbu Süfyanı) öldürən! Mən onları Bədr müharibəsində məhv etdim. Həmin qılınc (indi də) məndədir. Həmin ürəklə düşmənimlə üz-üzə gəlirəm. Başqa din seçməmiş, yeni peyğəmbər götürməmişəm. (İslamın hökmlərinin heç birinin əksinə hərəkət etmirəm.) Mən bir yoldayam ki, siz öz ixtiyarınızla onu tərk etdiniz və ona məcburiyyət üzündən daxil olmuşdunuz. Belə güman edirsən ki, (məndən) Osmanın intiqamını almağa gəlmisən?! Halbuki Osmanın harada öldürülməsini (və onu kimlərin qətlə yetirmələrini məndən yaxşı) bilirsən. Əgər (doğrudan da) intiqam almaq istəyirsənsə, oradan (onu öldürmüş Təlhədən, Zübeyrdən və digərlərindən) intiqam al. Səni sanki (onun intiqamını bəhanə edən, əslində isə) müharibədən, dəvələrin yükün ağırlığından qopardıqları fəryadları kimi fəryad edib şivən qoparan görürəm, qorxursan ki, (o,) dişlərini sənə batırsın (sənə üz tutsun). Sanki sənin qoşununu görürəm ki, aldıqları ardıcıl zərbələr, baş verəcək çətin hadisələr və bir-birinin ardınca torpağa düşmələri nəticəsində çarəsizlikdən məni Allahın kitabına dəvət edirlər (ki, müharibədən əl götürüm). Həmin qoşun haqqa kafir və onu inkar edənlərdir (ki, mənə bey’ət etməyiblər), yaxud bey’ət edib (sonra ondan) əl götürüblər. (İraq münafiqləri o Həzrətə bey’ət edəndən sonra əhdlərini pozaraq Şama, Müaviyənin yanına getmişdilər.)
İmam Əli əleyhis-salamın düşmənə tərəf göndərdiyi qoşuna olan tövsiyələrindəndir. Nə vaxt siz düşmənlə rastlaşsanız və ya düşmən sizinlə rastlaşsa (qarşı-qarşıya gəlsəniz), gərək sizin qoşunun düşərgəsi hündür yerlərdə (təpələrdə), ya dağların ətəyində, ya da çayların kənarında olsun ki, sizə kömək etsin, (onların əllərinin sizə çatmasına) mane olsun. Həmçinin sizin (düşmənlə) döyüşünüz gərək bir, yaxud iki tərəfdən olsun. (Çünki bir neçə tərəfli döyüşün nəticəsi pərakəndəlik, zəiflik və məğlubiyyətdir.) Dağların yüksəklikləri və hamar təpələrin üstündə özünüz üçün gözətçi qoyun ki, düşmən sizə tərəf gəlməsin, istər («məbada gəlsin» deyib) qorxduğunuz yerdən, istərsə də (həmin istiqamətdən gəlməməsindən) əmin və arxayın olduğunuz yerdən. (Ola bilər ki, gözlənilmədən həmin yerdən gəlsin. Belə olanda gözətçilər uzaqdan düşmənin gəlməsini görüb sizi xəbərdar edərlər və siz, onların qarşısını almaq fikrində olarsınız.) Bilin ki, qoşunun qabağında gedənlər onun gözətçiləridir və qoşunun qabağındakıların gözətçiləri (qoşunun qabağında gedən bir neçə nəfər) kəşfiyyatçılardır. Bir-birinizdən ayrılmaq və pərakəndəlikdən çəkinin. (Bir yerdə) düşən zaman (oturaq salanda) hamılıqla düşün və (hərəkət edərək) köçəndə hamılıqla köç edin. Gecə sizi bürüyəndə (axşam gəlib çatanda) nizələri (öz ətrafınızda) dairəvi (şəkildə) yerləşdirin (ki, düşmən gecə basqın edəndə müdafiə alətləri əliniz çatan yerdə olsun). Yuxunu dadmayın (rahat yuxuya getməyin), az miqdar və suyu ağızda dolandıraraq çölə tökmək qədər istisna olmaqla! (Mürgü vurun, amma rahatlıqla yatmayın. Çünki düşmən oyaq olar və gecə basqın etmək fikrinə düşə bilər.)
İmam Əli əleyhis-salamın (səhabə və şiələrindən olmuş) Mə’qil ibn Qeys Riyahiyə olan tövsiyələrindəndir. İmam əleyhis-salam (bu məktubu) onu (Mədaindən) üç min nəfərlə, Şam (qoşunu) istiqamətinə öz qoşununun başçısı kimi göndərəndə yazıb (və məktubda Mə’qilə düşmənlə döyüş üslubunu öyrədir).
(Mükafat və cəzasına) qovuşmaqdan başqa çarən olmayan Allahdan qorx! Sənin Ondan başqa son (gedəcək) yerin yoxdur. Ancaq səninlə vuruşanla vuruş. (Çünki səninlə vuruşmayan kimsə ilə vuruşmaq zülmdür və təqvalı, pərhizkar şəxs heç kəsə zülm etməz.) Havanın sərin olduğu səhər və axşam vaxtları yol get və (havanın isti olduğu) gündüz çağı (günorta) camaatı (istirahət etmələri və dincəlmələri üçün) saxla və yavaş hərəkət etdir. (Tələsmə ki, zəiflər də güclülərlə birlikdə gedə bilsinlər.) Gecənin əvvəlində yol getmə. Allah onu köç etmək üçün deyil, dincəlmək, istirahət etmək və rahatlanmaq üçün nəzərdə tutub. Odur ki, gecənin əvvəlində bədən və miniyini rahat burax. Gecəni dincəldikdən sonra (dan yeri sökülməmişdən) səhər görünməyə başlayanda və ya dan yeri sökülən zaman Allah tərəfindən yetişəcək xeyir-bərəkətlə yola düş. Düşmənlə üz-üzə gələn zaman öz qoşununun ortasında dayan. Düşmənə, nə vuruşmaq istəyən adam qədər yaxınlaş, nə də onlardan döyüşdən qorxan adam qədər uzaq ol. Mənim əmrim sənə çatana qədər gözlə. Kin və düşmənçilik sizi onları (haqq yola) dəvət etməmişdən və hərtərəfli dəlillərlə başa salmamışdan qabaq onlarla savaşa başlamağa vadar etməsin.
İmam Əli əleyhis-salamın qoşun sərkərdələrindən olan iki nəfərə (Ziyad ibn Nəsr və Şüreyh ibn Haniyə) göndərdiyi məktublarındandır. (Həmin məktubun mətni belədir:)
Malik ibn Haris Əştəri sizə və sizin tabeçiliyinizdə olanlara başçı və əmir təyin etdim. Beləliklə, onun əmrinə qulaq asıb itaət edin və onu (özünüzə) zireh və sipər edin. Çünki o, süstlük (bacarıqsızlıq), büdrəmək (səhvə yol vermək), həmçinin çeviklik və cəldlik ehtiyat və ağıllılığa daha uyğun sayılan yerdə asta tərpənmək, asta hərəkət etmək daha yaxşı olan yerdə isə tələskənlik etmək qorxusu olan adamlardan deyil. (Malik Allahın razılığını əldə etmək üçün çalışaraq heç vaxt süstlüyə yol verməz, bihudə sözlər danışaraq yersiz bir iş görməz.)
İmam Əli əleyhis-salamın Siffeyn müharibəsində düşmənlə (Şam qoşunu ilə) qarşılaşmamışdan qabaq öz qoşununa olan tövsiyələrindəndir (ki, onda onlara qələbə yolunu göstərib və onları qadınları incitməkdən çəkindirib).
Onlar (Şam qoşunu) sizinlə döyüşə başlamayınca siz müharibə etməyin (müharibəyə başlamayın). Çünki Allaha şükr olsun ki, sizin dəlil və sübutunuz var. Sizin, onlar döyüşə başlamayınca onlarla müharibəyə başlamamağınız da, onlara qarşı olan digər bir sübut və dəlilinizdir. Buna görə də əgər (onlar müharibəyə başlayaraq sizi də döyüşə vadar etsələr və) Allahın əmr və istəyi ilə (onlar meydandan) qaçmaq və məğlubiyyətlə üzləşsələr, qaçanları öldürməyin, acizləri yaralamayın, yaralını öldürməyin, qadınları hətta sizin şərəfinizi söysələr və başçı və böyüklərinizə nalayiq sözlər desələr belə, (onları) incitməklə təhrik etməyin. Çünki onların güc, can (iradə) və ağılları zəif və süstdür. Bizə (Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – zamanında) əmr olundu ki, onlardan əl götürək, halbuki onlar müşrik idilər. (Deməli, zahirdə İslamı qəbul etdiklərini bildirsələr, mütləq onlara toxunaraq incitməkdən çəkinmək lazımdır). Cahiliyyətdə kişi bir qadını daş və ya çomaq ilə vursaydı, buna görə onu və övladlarını məzəmmət edərdilər.
İmam əleyhis-salam düşmənlə qarşılaşanda və döyüşə hazırlaşan zaman (Allahla münacat və razü-niyaz edərək Ondan kömək istəyib belə) deyirmiş:
Allahım, (bizim) qəlblər(imiz) Sənə tərəf yönəlib, boyunlar(ımız Sənə doğru) uzanıb, gözlər(imiz) Sənə dikilib, ayaqlar(ımız) Sənin yoluna qoyulub və bədənlər(imiz Sənin itaətində) zəifləyib.
Allahım, (Peyğəmbərinin bizim aramızdan getməsi ilə) gizli düşmən üzə çıxdı və kin qazanları qaynadı. Allahım, Peyğəmbərimizin (aramızda) olmaması, düşmənlərin çoxluğu, (nəfsi) istək və düşüncələrimizin pərakəndəliyindən Sənə şikayət edirəm. (Qur’ani-Kərimin Ə’raf surəsinin 89-cu ayəsində buyurulduğu kimi o, belə demişdi:) «رَبَّنَا افْتَحْ بَيْنَنَا وَبَيْنَ قَوْمِنَا بِالْحَقِّ وَأَنتَ خَيْرُ الْفَاتِحِينَ» «Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. (Bizim aramızda haqq və düzlüyü üzə çıxart ki, onlar bizlərdən kimin haqq olmasını başa düşsünlər.) Axı Sən hökm verənlərin ən yaxşısısan (ki, haqqı üzə çıxarırsan)».